Prezident İlham Əliyev və xanımı görkəmli bəstəkar Qara Qarayevin abidəsinin açılışında iştirak edib - Foto

Hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur

Bakı, Tural Səftərov, İnteraz - 03 Fevral 2014, 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər.

 

İnterAz xəbər verir ki, Prezident İlham Əliyevə məlumat verilib ki, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.

 

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

 

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüblər, Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

 

Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.

 

Sonra Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb.

 

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyub.

 

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.

sss