İndiki Azərbaycan Məhəmməd Əmin Rəsulzadənin qurduğu demokratik cümhuriyyətin varisidir - nazir

"Bu İstiqlaliyyət heykəli bütün cümhuriyyət qurucularına vahid hörmət əlamətidir"

Bakı, Tural Səftərov, İnteraz - 31 Yanvar 2014, 13:03

"İndiki Azərbaycan Məhəmməd Əmin Rəsulzadənin silahdaşları ilə qurduğu demokratik cümhuriyyətin varisidir."

 

İnterAz xəbər verir ki, bunu mədəniyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin qarşısında Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunmuş tədbirdə deyib.

 

O bildirib ki, bu gün Azərbaycanda böyük ictimai hadisə baş verir. Ölkə prezidentin sərəncamına uyğun olaraq, Azərbaycanın böyük ictimai xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunur. Xüsusi tədbirlər planına uyğun olaraq respublikanın müxtəlif bölgələrində tədbirlər keçirilir: "Məhəmməd Əmin Rəsulzadə hər zaman Azərbaycanın müstəqilliyini, azadlığını düşünən şəxs olub. Gənclik illərindən onun böyük arzusu olub. Bunun üçün öz yaradıcılığı və işi ilə fəaliyyət aparırdı. Biz bu gün fəxr edirik ki, Şərqdə ilk parlament və ilk opera, Azərbaycanda yaranıb. Məhz bizim ölkədə qadınlara səs vermə hüququ verilib. Bunu təhlil etsək görərik ki, bu uğurlar 1918-ci ildə yaranmış, cəmi 23 ay müddətində yaşamış demokratik respublika dönəmində əldə olunub. Sözsüz ki, Məhəmməd Əmin Rəsulzadə silahdaşları ilə bərabər yaratdığı respublikanın yolunda böyük iş görüblər. Bu gün həmin şəxsiyyətlərə hörmətlə yanaşırıq."

 

Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin elmi əsərlərini, elmi tədqiqatlarını nəşrə hazırlayırıq. Bu il müddəətində onlar işıq üzü görəcəklər. Bu İstiqlaliyyət heykəli bütün cümhuriyyət qurucularına vahid hörmət əlamətidir. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin Novxanıda heykəli var. Hesab edirəm ki, bütün bu şəxsiyyətləri birlikdə qəbul etməliyik. Ona görə də keçmişimizə fərəhlə baxa bilirik.

sss