Ermənistan və Azərbaycan arasında baş verənlər ciddi hərbi münaqişəyə gətirib çıxara bilər - rusiyalı ekspert

“Düşünmürəm ki, müharibə olacaq, ancaq münaqişəli durumun dərəcəsi son hadisələr səbəbindən getdikcə artacaq"

Moskva, Roman Ağayev, İnteraz - 30 Yanvar 2014, 17:11

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində ba verən son hadisələri biz böyük narahatlıqla müşahidə edirik. İki ölkə hal-hazırda sülh naminə bir-biri ilə razlaşmaya gəlmək arzusunu göstərmədiklərinə görə, baş verənlər tərəflər arasında ciddi hərbi münaqişəyə gətirib çıxara bilər. Bunu İnterAz-ın Moskva müxbirinə açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzlində Asiya və Afrika ölkələri İnstitutunun prezidenti, tarix elmləri doktoru, professor Mixail Meyer bildirib. 

 

“Düşünmürəm ki, müharibə olacaq, ancaq münaqişəli durumun dərəcəsi son hadisələr səbəbindən getdikcə artacaq. İstəməzdim ki, hərbi ssenari gerçəkləşsin. Lakin burada məsələ məndə yox, tərəflərin müharibəyə hazırlığındadır. Hesab etmirəm ki, tərəflər müharibə və ya ciddi münaqişəyə hazırdırlar. Ancaq, müşahidə etdiyimiz kimi, bu qarşılıqlı toqquşmalarla əvəz edilir ki, nəticədə ümumi vəziyyət kəskin pisləşir və razılaşmaq olduqca çətinləşir”, - deyə o qeyd edib. 

 

Vasitəşilərin səyləri və Dağlıq Qarabağa dair sülh danışıqlarının hələ də nəticəsiz qalmasından danışan Mixail Meyer bildirib ki, Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupu mövcuddur və o, məsələ ilə məşğul olmalıdır. “Ona görə də mən ümid edirəm ki, baş verənlər həmsədr ölkələrə ciddi bir siqnal olmalılıdır ki, vasitəçilər özlərinin sülhməramlı fəaliyyətini gücləndirsinlər”. Meyer belə hesab edir. 

 

Ayrıca Rusiyaya gəlincə, onun sözlərinə görə, Rusiyanın hal-hazırda Ermənistan və Azərbaycan arasında vasitəçiliyinin aktivləşdirilməsinə nə dərəcədə hazır olduğunu söyləmək çətindir. “Rusiyanın indi o qədər problemi var ki – həm Ukrayna ilə əlaqədar, həm digər problemləri – baş verənləri heç götür-qoy eləməyə belə vaxtı yoxdur. Ona görə mən düşünürəm ki, burada tək Rusiyanın yox, ümumilikdə, bütün tərəflərin razılığa gəlməsi vacibdir”, - deyə Mixail Meyer vurğulayıb.

sss