İslam Əməkdaşlıq Təşkilatı-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunub

Görüşdə İƏT-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilib

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 16:50

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mənzil-qərargahında qurumun yeni baş katibi İyad Bin Əmin Mədəni ilə görüşüb.

 

Səfirlikdən İnterAz-a bildirilib ki, görüşdə İƏT-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilib, Azərbaycan xarici işlər nazirinin təbrik və ölkəmizə dəvət məktubu baş katibə təqdim edilib.

 

R.Rzayev baş katib seçilməsi münasibətilə İyad Bin Əmin Mədənini təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulayıb.

 

İƏT-in baş katibi Azərbaycan ilə bu qurum arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. İyad Bin Əmin Mədəni ölkəmizin İƏT-dəki səmərəli fəaliyyətinə, təşkilata göstərdiyi diqqətə və davamlı dəstəyə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

R.Rzayev Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təşkilatın prinsipial mövqeyi barədə məlumat verib.

 

Səfir bütün bunların Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

 

Diplomat İƏT ilə əməkdaşlığın inkişafının Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. R.Rzayev İƏT-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin önəmini vurğulayıb.

 

Səfir yeni baş katibin fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

 

İƏT-in baş katibi əlaqələrin genişləndirilməsi üçün əlindən gələni edəcəyini söyləyıb. O, Dağlıq Qarabağ münaqişəsinin həllində daha təsirli addımlar atılmasının vacibliyini qeyd edib və bu istiqamətdə səmərəli işlər görmək arzusunda olduğunu bildirib.

 

R.Rzayev davamlı dəstəyə görə baş katibə təşəkkürünü bildirmiş və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması üçün səfirliyin İƏT ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

sss