Kanadada Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı tədbir keçirilib

Səfirlik tərəfindən təşkil edilən inşa yarışmasının qalibinə mükafat təqdim edilib

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 10:33

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 noyabr tarixli sərəncamına uyğun olaraq, Karlton Universitetində “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib.

 

Azərbaycanın Kanadadakı səfirliyindən İnterAz-a verilən məlumata görə, konfrans Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cef Sahadeonun (Jeff Sahadeo) sədrliyi ilə baş tutub. Konfransın açılışında çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından elmi araşdırmalar və tələbə mübadiləsinin vacibliyinə diqqət çəkib.

 

Eyni zamanda, Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yarışmasının qalibinə mükafat təqdim edilib. Konfrans zamanı ADA Universitetinin professoru Rəşad İbadov “Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə”, Kanada Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolin (Barry Devolin) “İkitərəfli diplomatiyada parlamentarilərin rolu”, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə “Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.

 

Bundan başqa, tədbir zamanı İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş “Unudulmuş münaqişə” adlı kitabının təqdimatı da keçirilib. A.Vidmer çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, hazırkı durumu və aparılan danışıqlar barədə ətraflı məlumat verib.

sss