“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" platforması arasında niyyət protokolu imzalanıb

Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 11:26

Bu gün “YAŞAT” Fondu, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

 

İnterAz-ın xəbərinə görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, deputat Ramil Həsən və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.

 

Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur.

 

Platforma vasitəsi ilə aşağıdakı istiqamətlərdə “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

 

- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək;

 

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar “YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;

 

- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;

 

- Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.

sss