Azərbaycan Rusiya ilə aqrar sahədə ticarətin artırılmasını müzakirə edib

Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 3-cü iclası keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2021, 18:01

Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 3-cü iclası keçirilib.

 

Bu barədə İnterAz-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Onlayn iclasda Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

 

Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

 

Həmçinin, Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb. Azərbaycanda hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğu diqqətə çatdırılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda ümumi kənd təsərrüfatı məhsulları 2 faiz artıb.

sss