"AzerGold"la Britaniya şirkətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Yanvar 2021, 10:28

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişirlə görüşüb.

 

QSC-dən İnterAz-a verilən məlumata görə, görüşdə Böyük Britaniyanın dağ-mədən sahəsində çalışan şirkətləri ilə “AzerGold” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Cəmiyyətin sədri Zakir İbrahimov “AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirən sədr Cəmiyyətin Böyük Britaniya şirkətləri ilə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.

 

Böyük Britaniya şirkətlərinin dağ-mədən sənayesində qabaqcıl təcrübəyə sahib olduğunu qeyd edən Coel Derbişir təmsil etdiyi ölkənin Azərbaycanla bu sahə üzrə də tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Diplomat həmçinin bu tip görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.

 

Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.