“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

... Bu məbləğin 15 milyon manatı QSC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 13:40

Ölkə iqtisadiyyatında dağ-mədən sektorunu uğurla təmsil edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyətini mühüm nailiyyətlərlə davam etdirir.

 

QSC-dən İnterAz-a bildirilib ki, məhz bu fəaliyyət nəticəsində “AzerGold” tərəfindən dünya bazarlarına ilk ixracın reallaşmasından ötən 3 il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib. Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib (bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir). Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı QSC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib.

 

Qeyd edilən iqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir. Belə ki, yaxın günlərdə Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, növbəti ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur. Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının 2026-cı ildə, Balakəndə yerləşən digər polimetal yatağı – “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

 

Xatırladaq ki, qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib. Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi haqqında qərarın qəbul edilməsi istisna olunmur.

 

Qeyd edək ki, cari ilin 9 ayı ərzində ölkə üzrə ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl ikinci yerdə qərarlaşıb. Sözügedən yeni qızıl, eləcə də digər əlvan metal yataqlarının istismara verilməsi iqtisadi artımda dağ-mədən sahəsinin töhfəsini daha da artıracaq. Bu da, öz növbəsində, qeyri-neft sektorunun tərəqqisində əhəmiyyət rol oynamaqla yanaşı, milyonlarla manat həcmində vəsaitin ölkə iqtisadiyyatına cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına böyük təkan vermiş olacaq.