İndiyədək AÇG-dən 481 mln.tondan çox neft hasil edilib

2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 11:39

İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇ) yataqlarından 481,1 mln. ton neft və 156,2 mlrd. kubmetr qaz hasil olunub.

 

İnterAz xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.

 

Onun sözlərinə görə,bu ilin I rübündə Azərbaycanda 9,7 mln.ton neft hasil edilib ki, onun da 6,9 mln.tonu AÇG-nin payına düşüb. "Hesabat dövründə AÇG-dən 3,2 mlrd. kubmetr qaz hasil olunub. Bu blokdan əlavə 500 mln.ton neft hasilatı proqnozlaşdılır".

 

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. 

 

Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barel olub.