"İŞİD" girovluqda saxladığı yaponiyalı jurnalisti edam edib

Günlərlə davam edən girov mübadiləsi üzrə müraciətlərdən və iki günlük sükutdan sonra terrorçu qrup jurnalist Kendzi Qotonu edam etdiyini bildirib

Bakı, Ramik Cəfərzadə, İnteraz - 01 Fevral 2015, 12:19

"İŞİD" terror qruplaşması girov saxladığı yaponiyalı jurnalist Kendzi Qotonun edam edilməsindən bəhs edən video material yayımlayıb.

 

İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, terrorçu qrupun yaydığı sonuncu video materialda yapon jurnalistin başının kəsildiyi iddia olunur. Qara maskalı şəxs xəbərdarlığını bildirdikdən sonra Kendzi Qotonun başını kəsməyə hazırlaşdığı əks olunur və bunun ardınca başı kəsilərək öldürülmüş jurnalistin foto görüntüləri yayımlanıb.

 

Yaponiya hökuməti yayılan video kadrların həqiqətə uyğun olduğunu bildirib. Videonun yayılmasının ardınca baş nazir Şinzo Abe təcili kabinet iclası çağıraraq bu edamı pisləyib və bu əməli qəddarcasına törədilmiş, amansız terror aktı adlandırıb.

 

"Mən heç vaxt bu terrorçuları bağışlamayacam.  Yaponiya cinayətkarları cəzalandırmaq üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyətlərini davam etdirəcək. Yaponiya heç vaxt terrora təslim olmayacaq." baş nazir Abe çıxışında bildirib.

 

Bildirək ki, "İŞİD" bundan əvvəl İordaniyada  həbsdə saxlanılan Sacidə əl-Rişavini azad buraxmaq müqabilində Kendzi Qotonu buraxacağını bildirsə də göründüyü qədərilə mübadilə baş tutmayıb. Hazırda, girov saxlanılan iordaniyalı pilotun aqibəti isə məlum deyil. Xatırladaq ki, "İŞİD" bundan əvvəl girovluqda saxladığı digər yaponiyalı girov Haruna Yukavanı eyni qayda ilə edam etmişdi.