Həriri məsələsi Almaniya ilə Səudiyyəni üz-üzə gətirdi - şərh

Krallıq Berlindəki səfirini geri çağırdı, Livan böhranının taleyi necə olacaq?

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 18 Noyabr 2017, 20:15

Livan baş nazirinin Səudiyyə Ərəbistanında istefa verməsi və 10 gün bu ölkədə qalması ciddi siyasi böhrana çevrilir. Noyabrın 18-də Həriri həyat yoldaşı ilə birlikdə Fransaya yola düşüb. Baş nazir özü bildirib ki, Fransada bir neçə gün qaldıqdan sonra Livana geri dönəcək. Ancaq Həririnin ər-Riyada uzun müddət qalması və istefasını rəsmiləşdirməməsi Almaniya ilə Səudiyyə Ərəbistanı arasında böhrana səbəb olub.

Belə ki, Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb. Krallıq rəsmiləri bu addımı Almaniya xarici işlər nazirinin hərəkətlərinə cavab olaraq atdıqlarını bildiriblər. Səfir ər-Riyada məsləhətləşmələr üçün çağırılıb. Bundan başqa ər-Riyaddakı Almaniya səfirinə nota təqdim edilib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Ziqmar Qabriel Livan XİN rəhbəri ilə görüşdən sonra çıxışında Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyini Həririnin istefası prosesində tutduğu mövqeyi sərt şəkildə tənqid edib. Saad Həriri Parisə getdikdən sonra açıqlama yayan Almaniya XİN bu addımı məmnuniyyətlə qarşıladıqlarını və bütün tərəfləri gərginliyi azaltmağa çağırıb.

 

Ancaq görünən odur ki, Həriri böhranı hələ bir müddət davam edəcək. Livan baş naziri hazırda Parisdədir. Ancaq onun Beyruta nə zaman dönəcəyi və döndükdən sonra alacağı qərarlar məlum deyil. Həriri Livana qayıdacağını desə hələlik bu, dəqiq deyil. Üstəlik qayıtdıqdan sonra onun istefasını rəsmiləşdirəcəyi, yoxsa vəzifəsinə davam edəcəyi məlum deyil. Çünki Livan televiziyasına müsahibəsində demişdi ki, əgər vəziyyət normala dönərsə istefasından geri çəkilə bilər. Hələliksə, vəziyyət dəyişməyib, ancaq bunun əvəzinə Trampdan fərqli olaraq Yaxın Şərqdə sülh və sabitlikdə maraqlı olan, yeni müharibənin başlamasını istəməyən Avropa ölkələri böhranın yatırılması üçün var qüvvələri ilə çalışırlar. Həririnin Parisə getməsi də məhz bu səylərin nəticəsi idi. Ancaq bundan sonra nə olacaq, Avropa, yoxsa Amerikanın mövqeyi təsirli olacaq, bu hələ dəqiq deyil. Dəqiq olan odur ki, Fransa hələlik siyasi təzyiq edərək Həririni Səudiyyədən çıxardı. Anca iddialara görə, hazırda Həririnin iki övladı Səudiyyə Ərəbistanındadır. Livan baş nazirinin Parisdən Beyruta gedib istefasını rəsmiləşdirəcəyi, yoxsa ər-Riyada və ya başqa bir ərəb paytaxtına gedəcəyi, yaxud da Parisdə qalacağı dəqiq deyil. Digər tərəfdən Həriri Beyruta qayıdıb istefa da verə bilər, vəzifəsinə də davam edə bilər. Amma eyni zamanda istefa verərək partiyasını geri çəkə və siyasi hakimiyyətsizliyin yaranmasına səbəb ola bilər. Bu, daha riskli addım olsa da, istefa prosesi göstərdi ki, səudiyyəlilər Həriri vasitəsilə istədiklərini etməyə qadirdilər.