NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçilib

40 türk əsgəri bu təlimdə iştirak edir

Bakı, Nazilə Xaqani, İnteraz - 17 Noyabr 2017, 16:43

Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.

İnterAz-ın "Sözcü"yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, hərbçilərin önünə qoyulan "düşmənlər"in fotolarından ibarət hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk və onun şəkilləri də əks olunub.

"Dünən Norveçdə xoşagəlməz vəziyyət oldu. Türkiyə Baş Qərargahının rəisi və AB nazirimiz Kanadaya gedərkən yolda bu barədə xəbər tutdu, vəziyyət barədə dərhal bizə məlumat verildi.

Bu bir NATO təlimidir. 40 türk əsgəri bu təlimdə iştirak edir. Dərhal qərar qəbul etdik, əsgər geri çağırıldı. Belə ittifaq olmaz", - deyə o bildirib.

NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.