Malayziyada məktəbdə yanğın nəticəsində 25 nəfər ölüb

Şagirdlər xilas olmağa çalışıb, lakin metal barmaqlıqlar onlara mane olub

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 11:02

Malayziyanın paytaxtı Kuala Lumpurda dini məktəbdə baş vermiş yanğın nəticəsində 25 şagir və müəllim vəfat edib.
 
İnterAz “The Star”a istinadən xəbər verir ki, bu barədə Malayziya yanğın departamenti məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, yanğın bir saat içində söndürülüb.

“Daily Mail”in məlumatına görə, Federal ərazi naziri Tenqku Adnan Mənsur bildirib ki, şagirdlər xilas olmağa çalışıb, lakin metal barmaqlıqlar onlara mane olub.

Kuala Lumpurun polis rəisi Amar Sinq meyitlərin tamamilə yandığını deyib.

“Bədbəxtlikdən orada sadəcə bir çıxış olub, beləliklə, onlar xilas ola bilməyib. Bütün meyitlər bir birinin üzərinə yığılmış vəziyyətdə tapılıb”, - polis rəisi qeyd edib.

Vəfat edənlərdən 23-ü şagird, ikisi müəllimdir. Xəstaxanada olan digər altı müəllimin vəziyyəti isə kritikdir. Ölən şagirdlərin hamısı 13-17 yaşlı oğlanlardır.

Yanğının baş verdiyi “Tahfiz” şagirdlərə Quran oxumağı öyrədən dini məktəbdir.