Seyid Həsən Nəsrullah "Hizbullah"ın İsrail üzərində tarixi qələbəsinin ildönümü ilə bağlı çıxış edib

"Hizbullah sionistlərin bütün lahiyə və planlarını alt-üst edən güclü və dağıdıcı bir təşkilat olaraq tanınır”

Bakı, Oktay Quliyev, İnteraz - 14 Avqust 2017, 11:44

2006-cı ilin 12 iyul-14 avqust tarixlərində İsrailin Livan torpaqlarına hücumu ilə başlayan və "33 günlük müharibə" olaraq adlandırılan İsrail-Hizbullah müharibəsinin 11-illiyində Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah çıxış edib.

İnterAz-ın “Al Alam”a istinadən verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah müharibədən 11 il ötməsinə baxmayaraq dəfələrlə İsrail hərbi mütəxəssislərinin bu müharibədə Hizbullahın qələbə çalmasını etiraf etdiklərini bildirib.

“İsraillilər Hizbullahın qüdrətli bir hərəkat olduğunu bilirlər. Onlar bunu dəfələrlə etiraf ediblər. Bununla yanaşı “33 günlük müharibə”də məğlub olduqlarını da bildiriblər. Halbuki müharibəyə başlayanda bir neçə gün içində Hizbullahı tamamilə məhv edəcəklərini demişdilər. Onlar bundan belə də müharibəyə başlasalar, müqavimət hərəkatından əvvəlkindən daha sərt cavab alacaqlarını bilməlidirlər” deyə Hizbullah lideri bəyan edib.

O, həmçinin Amerikanın bölgədə müqavimət gücləri əleyhinə atdığı addımları qınayaraq deyib: “Amerika torpaqlarımızı qəsb edən düşmənə müqavimət göstərən güclərə qarşı heç bir ziyan vura bilməyəcək və müqavimət hərakatlarının daha da güclənməsinin qarşısını ala bilməyəcək. Amerika və İsrail bütün güclərini ortaya qoyaraq yaxın şərqdə terrorçu qruplara himayədarlıq edirlər. Onların ayaqda saxladığı terrorçu qruplara qarşı biz döyüşürük. Hizbullah sionistlərin bütün lahiyə və planlarını alt-üst edən güclü və dağıdıcı bir təşkilat olaraq tanınır”.

Seyid Həsən Nəsrullah İsrailin yaxşın şərq üzrə siyasətinin çökdüyünə işarə edərək deyib: ”İsrail rejimi əvvəllər müsəlman ölkələrini hədələyir və sözünə əməl edirdi. Hazırda isə, İsrail Livan sərhədində olan ağaclardan da qorxur. Onlar həmin ağacların da Livan xalqını qoruduğunu düşünürlər. İsrail rejimi bir ağacdan və adi insandan qorxursa, bu, onların zillət və xarlığa düşməsi anlamındadır”

Qeyd edək ki, 2006-cı ilin iyul ayında İsrail Müdafiə Qüvvələri Livan torpaqlarına qurudan, havadan və dənizdən genişmiqyaslı hücuma başlayıb. Livanın bütün dəniz limanları İsrailin hərbi donanması tərəfindən mühasirəyə alınıb.

İsrailin bu hücumuna qarşı Livanın "Hizbullah" hərəkatının hərbi qanadı işğalçı qüvvələrə qarşı müxtəlif mövqelərdən raket hücumlarını artırıb. "Hizbullah"ın görünməmiş müqavimət və kəşfiyyat manevrləri, qəfil hücum əməliyyatları İsraili öz məqsədinə çatmadan müharibəni dayandırmağa məcbur edib. İsrail Müdafiə Qüvvələri hər üç cəbhədə məğlubiyyətlə üzləşdiklərini etiraf edib.

33 gün  davam edən döyüşlər 2006-cı il avqustun 14-də BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarı ilə dayandırılıb.