• 13:32

Qubada 200-ə yaxın sakinin yaşadığı massivin yolu leysan yağışlar nəticəsində sıradan çıxıb

12 Sentyabr 2017, 13:24

200-ə yaxın sakinin yaşadığı massiv yolsuz qalıb. Aidiyyatı qurumlar isə məsələni görməzdən gəlir. Söhbət Qubanın Afurca kəndinin Dürahi yaşayış məntəqəsindən gedir.

Yerli sakinlər deyir ki, ötən il də anoloji hal baş verib və bu zaman öz vəsaitləri hesabına müvəqqəti yol salıblar. Lakin 3 gün öncəki yağan  leysan yağışları həmin yolu da sıradan çıxarıb. Bu səbəbdən ciddi problemlə üzləşiblər. Hazırda yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Sakinləri ən çox narahat edən isə yerli qurumların problemə biganə yanaşmasıdır.

Kəndin bələdiyyə sədri Çingiz Əliyev isə deyir ki, yolun bərpası bələdiyyənin imkanları xaricindədir. Bununla belə həm icra hakimiyyətinə həm də rayon Fövqaladə Hallar Komissiyasına məsələ ilə  bağlı müraciət olunub.

O ki, qaldı yolun nə vaxt bərpa olunacaq, bu suala bələdiyyə sədri də dəqiq cavab verə bilməyib. Rayon icra hakimiyyətindən isə məsələ ilə bağlı açıqlama verilməyib.