• 13:32

Mingəçevirdə və Sabirabadda baş verən qəzalarda ölən və yaralananlar var

11 Sentyabr 2017, 17:49

Mingəçevir şəhər xəstəxanasında on iki gün əvvəl qəzaya düşmüş şəxs dünyasını dəyişib. Hadisə avqustun 27-də Mingəçevir-Yevlax (Aran qəsəbəsi) istiqamətində baş verib. Yaralı o gündən xəstəxanaya yerləşdirilib. "Mercedes" markalı mikroavtobusun vurduğu şəhər sakini, 1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan İnterAz-a verilən məlumata görə, 61 yaşlı kişi ötən axşam xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Digər bir xəsarətlə nəticələnən qəza isə Sabirabadın Qaragüney kəndi ərazisində qeydə alınıb. Magistral yolda hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Şirvan şəhər sakini, 1986-cı il təvəllüdlü İlyasov Elməddin Cəbrayıl oğlu və Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Anar Lələkişi oğlu xəsarət alıb. Yaralılar  Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.