Azərbaycanın sərbəst güləş yığması komanda hesabında üçüncü nəticə göstərib

Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Sentyabr 2017, 09:29

Afinada ölkəmizin sərbəst güləş üzrə komandasının üzvləri  yarışların son son günündə - sentyabrın 10-da 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar.Komanda həmin günü 1 bürünc medalla başa vurub.

İnterAz xəbər verir ki,  dünya çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Kanada və Almaniyadan olan rəqiblərini vaxtından əvvəl, daha sonra isə Hindistan təmsilçisini texniki üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşdə Monqolustan idmançısına da vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və çempionatın bürünc medalını qazanıb.

Beləliklə, sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.

Qeyd edək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.