Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalı uğrunda yarışacaq

Yarışın ikinci günündə pəhləvanlar yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində mübarizə aparıblar

Bakı, Nazilə Xaqani, İnteraz - 06 Sentyabr 2017, 14:44

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

İnterAz xəbər verir ki, yarışın ikinci  günündə pəhləvanlar yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində  mübarizə aparıblar.

Mundialda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

Nihad Məmmədli (46 kq) də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə onun da rəqibi Ukrayna təmsilçisidir.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.