Boks üzrə seçmə komandalarımıza yeni məşqçilər təyin olunub

Gənclərdən ibarət komandamızı bundan sonra Vaqif Şirinov çalışdıracaq

  • 2

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 13:47

Ayrı-ayrı yaş qruplarında boks üzrə seçmə komandalarımızın yeni məşqçiləri müəyyənləşib.

İnterAz-ın Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, ukraynalı tanınmış mütəxəssis Leonid Layivski milli kollektivin baş məşqçisi təyin olunub. Nəriman Abdullayev milli komandamızın böyük məşqçisi vəzifəsini davam etdirəcək.

Gənclərdən ibarət komandamızı bundan sonra Vaqif Şirinov çalışdıracaq. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.

Qadınlardan ibarət komandamız isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.

Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı yanvarın 25-dən 30-a kimi keçiriləcək.