• 00:35

Azərbaycanın məşhur yazıçı və dramaturqu vəfat edib

Dramaturq böyrək çatışmazlığından əziyyət çəkirdi

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Yanvar 2014, 13:44

Yanvarın 19-da axşam saatlarında Azərbaycanın məhşur yazıçı və dramturqu vəfat edib.

Mərhumun dostu, publisist Tofiq Abdinin verdiyi məlumata görə, Aslan Qəhrəmanov böyrək çatışmazlığından əziyyət çəkirdi. Xeyli müddət yataq xəstəsi olan dramturq, 3 ay öncə İran İslam Respublikasında cərrahiyyə əməliyyatı keçirib. Mərhumun cənazəsi dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna aparılıb.

 

Qeyd edək ki, Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər isə rektoru olub. Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxışlar edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

 

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib. Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.

 

Allah rəhmət etsin!!!

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus

Lent