Muğam ustası Səxavət Məmmədovun 60 yaşı tamam olur

O, səsinin incə çalarları ilə oxuduğu muğamların təfsirində yeni cizgilər açmağa nail olmuşdu

Bakı, Tural Səftərov, İnteraz - 23 Oktyabr 2013, 15:15

Məmmədov Səxavət Əmirxan oğlu 23 oktyabr 1935 cü ildə Ağdam rayonunun, Abdal-Gülablı kəndində dünyaya gəlmişdi. Qarabağ muğam ifaçılıq məktəbinin layiqli davamçılarından biri olmuşdu. Erkən yaşlarından sənətə gələn Səxavət məlahətlə oxuduğu el havaları və təsniflərlə xalqın sevimlisinə çevrilmişdi. Onun professional sənət yolu isə 1970-ci ildən başlayır.

 

Beləcə, Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi. Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də "Segah" üstə ağlayırlar. Elə Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Səxavətin səsi ilə "Segah" muğamı qovuşmuşdu desək, yanılmarıq.

 

Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdı. Muğan sənətinin incəliklərini Səxavət Məmmədov görkəmli muğam ustadı, xanəndə Hacıbaba Hüseynovdan öyrənir. Öz ifaçılıq üslubunda Qarabağ xanəndələrinin ənənələrini yaşadan Səxavət Məmmədov həm də özünəməxsus oxu tərzi ilə fərqlənmişdi.

 

O, səsinin incə çalarları ilə oxuduğu muğamların təfsirində yeni cizgilər açmağa nail olmuşdu. Səxavət Məmmədov yaradıcılığında xüsusilə “Rast”, “Şahnaz”, “Mirzə Hüseyn Seygahı” muğam dəsgahları, “Heyratı”, Səmayi-Şəms” zərbi muğamlarının təfsiri bənzərsiz keyfiyyətlərə malikdir. Xanəndə muğam dəsgahların ifasına çox məsuliyyətlə yanaşır, onun bütün şöbələrini ardıcıllıqla və dəqiqliklə oxuyurdu.

 

Bənzərsiz səsə malik, unudulmaz sənətkar Səxavət Məmmədovun vaxtsız ölümü hamını sarsıtdı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Saysız-hesabsız insan axını onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salırdı. Həmin vaxt göydən tək yağış yox, güllə də yağırdı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

 

Onun səsi seçilən, heç bir oxşarı olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətini itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.