Bayılda sürüşmə prosesi aktivləşib

Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 13:01

Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, maşınların hərəkətinə icazə verilmir.

 

İnterAz xәbәr verir ki, bu barәdә Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mәlumat verib.

 

Ə.Qaralovun sözlərinə görə, 2012-ci ilin 1 dekabrında Badamdar-20-ci sahə avtomobil yolunun sağ cinahında baş vermiş sürüşmə prosesinin yayıldığı sahənin eni 180-220 metr, uzunluğu 200-250 metr arasında, qırılma qaşının hündürlüyü 9-10 metr olub. Həmin sürüşmə sahəsinin qarşısının alınması məqsədilə bu ərazidə 2013-cü ildə uzunluğu təxminən 150 metr olan istinad divarı tikilib, yamacda müəyyən hamarlaşma işləri aparılıb:

 

"Biz uzun müddət idi ki, həmin ərazidə monitorinq işləri aparırdıq. Bu vaxta qədər ciddi dəyişiklik hiss etməmişdik. Lakin oktyabrın ilk günlərində monitorinq zamanı kütlə üzərində yeni çatların, qırılmaların, kütlənin ilk səthində kiçik gölməcələrin yarandığı aşkarlandı. Eyni zamanda, 2013-cü ildə tikilən istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Bu barədə biz oktyabrın 3-də müvafiq orqanlara məlumat verdik ki, həmin yerdə yenidən gərginlik müşahidə edilir. Həmin proses bu gün daha da gərginləşib və sürüşmə prosesinin dinamikasında ciddi gərginlik müşahidə edilir".

 

Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. 

 

Qeyd edək ki, sürüşmə ilə əlaqədar Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.