Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərinə “Şöhrət” ordeni verib

Prezident İlham Əliyev Saleh Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 22 Fevral 2018, 10:17

Prezident İlham Əliyev Saleh Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, S.Məmmədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.

 

Saleh Ərşad oğlu Məmmədov 1958-ci ildə Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini 1980-ci ildə bitirib.

 

S.Ə.Məmmədov əmək fəaliyyətinə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb.

 

O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika” İstehsalat Birliyində rəis vəzifələrində işləyib.

 

1995-ci ildən “Azəravtoyol” Dövlət Şirkətində, 2003-cü ildən Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinə tabe qurumlarda müxtəlif vəzifələrdə çalışıb.

 

2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib.

 

19 fevral 2015-ci ildən Azəryolservis ASC sədrinin birinci müavini təyin edilib və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilib.

 

28 dekabr 2015-ci ildən “Azəryolservis”in (sonradan “Azəravtoyol”) sədri olub.

 

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəridir.

 

“Tərəqqi” medalı alıb, əməkdar mühəndisdir.