Bu gün Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir

Milli Şura ilk dəfə 2004-cü ilədək Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasında təmsil olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 14:07

Bu gün Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir.

İnterAz xəbər verir ki, 22 il əvvəl 21 noyabr 1995-ci il tarixində 11 qurum tərəfindən Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olunub.

Yarandığı gündən möhkəm və dayanıqlı bünövrə üzərində qurulan bu platforma tezliklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək Azərbaycan gəncliyinə öz töhfələrini verməyə başladı. Həyata keçirilən fəaliyyət nəticəsində dövlət qurumları ilə etibarlı tərəfdaşlıq əlaqələri qurulmağa, beynəlxalq gənclər platformaları ilə əməkdaşlıq formalaşmağa və bu töhfələrdən ilhamlanaraq Milli Şuranın ailəsinə qatılan gənclər təşkilatlarının sayı artmağa başlayıb.

Bu gün özündə 124 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və gənclər təşkilatlarının yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Milli Şuranın missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır. Milli Şuranın məqsədi onun tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.

Təşkilatın əsas vəzifəsi fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməkdir. Platforma 1997-ci ildən Avropa Gənclər Forumu və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür. 2000-ci ildə Avropa Gənclər Forumunun tam hüquqlu üzvünə çevrilən Milli Şura ilk dəfə 2004-cü ilədək Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasında təmsil olunmuş, 2014-cü ildən yenidən Məşvərət Şurasının üzvü seçilmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avrasiya Beynəlxaq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil etmişdir. 2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan fəaliyyətini əlaqələndirən Dünya Azərbaycanlı Gənclər Birliyi, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrini əhatə edən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının yaradılmasında iştirak edərək, bu qurumların həmtəsisçisi olmuşdur. Milli Şura həmin il Afrika qitəsinin 55 ölkəsində gənclərin fəaliyyətini əlaqələndirən “Pan-Afrika” Gənclər Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalamış və tərəfdaşlıq əlaqələrinin qurulmasına nail olmuşdur. 2

2014-cü ildə Milli Şura Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunmuş, təşkilatın nümayəndəsi Dünya Gənclər Assambleyasının idarə heyətinin üzvü seçilmişdir. İllər keçdikcə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqəti, dövlətin etimadı ilə əldə olunan nailiyyətlər gənclər sahəsində yaradıla biləcək önəmli imkanlar üçün əsas təşkil edir. Daima dayanıqlı inkişaf tempini qoruyan bu platforma qüdrətli Azərbaycan gücləndikcə böyüyür, Azərbaycan gənclər siyasətinə öz töhfəsini verməyə davam edir.

22-ci il ildönümünü qeyd edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərlə birlikdə Azərbaycanın gələcəyi üçün çalışmaqdan qürur duyur.