Azərbaycanda dini ayrı-seçkilik salan, dini qarşıdurmaya rəvac verən saytlar aşkarlanıb

Bu cür saytlar özlərini xəbər portalları kimi təqdim etsələr də, əksəriyyəti dini qaynaqlı saytlardır

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 11:49

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq KİV-lərin monitorinqini keçirir və nəticədən asılı olaraq təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür.

İnterAz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Bildirilib ki, monitorinq nəticəsində məzhəb din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlar aşkar olunub: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdim etsələr də, əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan qruplar tərəfindən idarə olunur . Onlarla bağlı hüquq mühafizə orqanları tədbir görüb. Bu cür saytların, demək olar ki, hamısı xaricdən idarə edilir. Onların domemlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadıqları görünsün".