Baş Dövlət Yol Polisi İdarəsi sürücü və valideynlərə müraciət edib

Valideynlər də uşaqlarını məktəbə aparıb-gətirərkən yol hərəkəti qaydalarına riayət etməlidir

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 09:26

Yeni dərs ilinin başlanması ilə bağlı yol polisi sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.

İnterAz xəbər verir ki, bu barədə SalamNews-a məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yeni dərs ilinin başlanması ilə əlaqadar sürücülər və azyaşlıların valideynləri xüsusilə məktəblərin, təhsil müəssisələrinin yaxınlığındakı yollarda maksimum diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər.

Bölmə rəisinin sözlərinə görə, sürücülər hər an yolun hərəkət hissəsinə azyaşlı uşaqların çıxa biləcəyini nəzərə alaraq, o ərazidəki hərəkət şəraitinə uyğun sürət seçməlidirlər. Valideynlər də uşaqlarını məktəbə aparıb-gətirərkən yol hərəkəti qaydalarına riayət etməli, xüsusilə yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etməlidirlər.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına start verilib. Təhlükəsizlik aylığı oktyabrın 10-dək davam edəcək.