Bakı metrosunda yeni hərəkət qrafiki tətbiq olunacaq

Şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki reallaşacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 14:46

Sərnişinlərə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov"-"28 May" sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May"-"Dərnəgül" və "28 May"-"İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov"-"Ulduz" sahəsində fərqli ola bilər.

"Sərnişinlərin nəzərinə çatdırılır ki, "Həzi Aslanov"-"28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur", - deyə məlumatda qeyd edilib.

Şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki reallaşacaq. Yeni qrafik 2018-ci ilin yayına qədər davam edəcək. 

Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir.