Göyçay və Sabirabad rayonlarında bıçaqlanma hadisəsi olub

Faktlarla bağlı araşdırma aparılır

Bakı, Azər İsrafilov, İnteraz - 18 Avqust 2017, 10:28

 Ötən gün Göyçay şəhərində yerləşən dülgər sexlərindən birində bıçaqlanma hadisəsi baş verib.

Həmin sexdə çalışan Yalman kənd sakini, 51 yaşlı Qafarov Siyavuş Sırac oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı iş yoldaşı, rayonun Birinci Ərəb kənd sakini, 55 yaşlı Əzizov Mürvət Qüdrət oğlunu bıçaqlayıb.

Xəstəxanadan İnterAz-a verilən məlumata görə, M.Əzizov daxilə nüfuz edən xəsarət aldığından təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyata götürülüb.

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Sabirabadda isə şəhər sakini, 31 yaşlı Rzayev Yusif Qulam oğlu bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan Y.Rzayev Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisənin kim tərəfindən və hansı zəmində baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb.