Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edib - Fotolent

Qəbulda 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə ünvanlayıblar

Bakı, Vüsal Nəbiyev, İnteraz - 30 May 2014, 12:36

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində nazir Gəncə şəhəri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, qəbulda 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə ünvanlayıblar.

Müraciətlər əsas etibarilə yerlərdə müasir kitabxanaların yaradılması, tarixi abidələrin bərpası, sərhədyanı kəndlərində yeni mədəniyyət ocaqlarının açılması, mədəniyyət müəssisələrində ştatların artırılması, turizmin inkişaf etdirilməsi, habelə mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təminat və digər sosial məsələlərlə bağlı olub. 

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, vətəndaşların bölgələrdə mədəniyyət və turizmlə bağlı əhəmiyyətli mövzulara diqqət ayırması təqdirəlayiq haldır: “Sevindirici haldır ki, bu gün vətəndaşlarımızın qaldırdığı məsələlər günün tələblərindən irəli gəlir. Bu isə onu göstərir ki, bölgələrimiz öz inkişaf dövrünü yaşayır, sakinlər mədəniyyət ocaqlarımızın müasir səviyyədə xidmət göstərməsini, yerlərdə turizmin daha da inkişaf etdirilməsini istəyirlər. Biz də nazirlik olaraq əsas diqqətimizi bu sahəyə yönəldirik ki, mövcud tələbləri qarşılayaq, əhaliyə yüksək səviyyəli mədəni xidmət göstərə bilək”.

Nazir sosial məsələlərlə bağlı xahiş və müraciətlərə də baxılacağını, imkan daxilində onların həllinə köməklik göstəriləcəyini qeyd edib. Qəbuldan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.