Qəhrəmanlar ölmürlər: "Qarabağ şahini" Natiq Qasımov - Fotolent

Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı

Bakı, Vüsal Nəbiyev, İnteraz - 03 Fevral 2014, 13:00

Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə anadan olub. 1975-ci ildən  ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. Dəhşətli Xocalı faciəsindən sarsılan Natiq yenidən "Qarabağ şahini"nə dönür. Natiqin atası Qasimov Səlimin dedikləri: "Xocalı soyqırımından sonra evdə yazıb qoyduğu məktubdan bildik ki, o, yenə də Y.Rzayevin "Qarabağ şahinləri" dəstəsində vuruşmağa gedib. Yazırdı ki, Qarabağda xalqımızı qırırlar, ana-bacılarımızın namusu tapdanır, belə vaxtda mən evdə otura bilmərəm."

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Burada  bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini - Cəfərov Cəfər Məhəmməd oğlunu çağırıb ona bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün xocalıları güllələyəcəklər. Bu xəbərdarlığı çatdırmaq üçün Cəfər Cəfərovu Azərbaycan döyüşçülərinin olduğu yerə göndərirlər.

Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:

-Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini! A.H.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:

-Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar.

Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər.  Xarabalığa çatıb ayağa qalxanda onlar qışqırdılar ki, yerə yatım. Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy mənə bizimkilərin gülləsi dəysin.  Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:

-Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?!  Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!

Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var!  Güclə eşidilən səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev. A.H.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam-deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:

–Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum– gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?

–Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim? - dedi.

Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi…

Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan  məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində  Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…

Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı.  Fikrət Qoca "Bayraq tutan oğlullar", Alim Fərzəliyev "Qeyrət qalası" poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

İgid eloğlumuzun taleyi naməlum qalsa da, öz həmvətənlərinə, hətta düşmənlərinə də bir şeyi sübut etdi: Belə oğullar yetirən vətən torpağı düşmən ayağı altında qalmayacaq! Natiq kimi igidlərimizdən ibrət götürən gənclərimiz tezliklə torpaqlarımızı azad edəcəklər!

Azərbaycan qəzeti