Azərbaycanın Müdafiə naziri BƏƏ generalı ilə görüşüb

Ölkələrimiz arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 16:46

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.

Ölkələrimiz arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə onun inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib.

Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcəkdir.