Çin lideri Azərbaycana səfər edəcək

Si Cinpin Azərbaycana səfər etməkdən məmnun olacağını qeyd edib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 12:22

Azərbaycanın Çinə yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini sini bu ölkənin sədri Si Cinpinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində səfirin Si Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ə.Zeynallı, münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan Si Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident İlham Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkürünü bildirən Si Cinpin, Azərbaycana səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılması təklifini irəli sürüb.

Söhbət zamanı Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.