Smartfonları məsafədən enerji ilə dolduran lazer hazırlanıb

Komanda smartfonun arxa panelinə enerji xanası quraşdırıb və ona tərəf ensiz lazer şüası yönləndirib

Bakı, , İnteraz - 23 Fevral 2018, 09:40

Bu gün bütün telefon şirkətləri artıq “Bluetooth” və “Wi-Fi” texnologiyalarına üstünlük verərək naqillərdən imtina ediblər, amma smartfonların enerji ilə doldurulması üçün əvvəlki kimi naqillərə ehtiyac var. Lakin simsiz texnologiyaların inkişaf sürətinə görə yaxın vaxtlarda bu vəziyyətin dəyişəcəyini söyləmək olar. Vaşinqton Universitetini təmsil edən  komanda lazerlərin köməyi ilə qurğuların məsafədən və simsiz üsulla enerji ilə doldurulmasını nümayiş etdirib.

 

Komanda smartfonun arxa panelinə enerji xanası quraşdırıb və ona tərəf ensiz lazer şüası yönləndirib. Lazer sistemi 4,3 metr məsafədən 97 kv.sm-lik sahəyə 2 Vattlıq enerji verərək telefonu adi USB kabeli kimi sürətli şəkildə enerji ilə doldurub.

 

Lazer yayıcı telefonun enerji ilə doldurulmasına hazır olmasının avtomatik təyin edilməsi üçün nəzərdə tutulub. Smartfon isə insan qulağı tərəfindən eşidilməyən yüksəktezlikli siqnalların göndərilməsi üçün proqramlaşdırılıb. Bu siqnallar lazer qurğusuna smartfonun olduğu yer barədə məlumat verir.

 

"Olduğu yeri təyin edən bu səs sistemi ona zəmanət verir ki, istifadəçi smartfonu enerji doldurma səthinə qoyan kimi lazer yayıcı onu aşkar edə bilər" – tədqiqatın həmmüəllifi Vikram Ayer deyib.

“ICTnews”